Kadr islahatlarının əsas hədəfi -  dayanıqlı iqtisadi inkişaf - TƏHLİL  

15:09 25.10.2019 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə ölkədə ciddi kadr islahatlarına start verildi. İdarəetmə strukturunda təmsil olunan yaşlı nəslin nümayəndələri bir-birinin ardınca vəzifədən kənarlaşdırıldı və onların yerinə daha cavan kadrlar gətirildi. Kadr islahatları hökumətin strukturunda aparılan islahatlarla müşahidə edildi. Ən böyük dəyişiklik isə iqtisadiyyat sektoruna cavabdeh qurum olan müvafiq nazirliyin səlahiyyətlərinin xeyli genişləndirilməsi oldu.

İndi hər kəsi bir sual düşündürür. Dövlət başçısının yeni təyin olunan kadrları qəbul edərkən onların qarşısında qoyduğu çətin tapşırıqların reallaşdırılması imkanları nə qədərdir? Bu dəyişikliklər Prezidentin həmin şəxslərdən gözləntilərini doğruldacaqmı?

Əslində Prezident İlham Əliyev hər kəsə, hər bir məmura fəaliyyətinə görə qiymət veriləcəyini bildirərək yeni nazirlərə təyin olunduğu postda məsuliyyətli və qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsinin vacibliyinin nə qədər mühüm nüans olduğunu xatırlatdı.  

Prezidentin yeni təyinatlarla görüşündə bir tezis özünü daha çox büruzə verdi: 

Azərbaycanın siyasi müstəqilliyinin bazisini məhz iqtisadi müstəqillik təşkil edir. Xalqın, dövlətin maraqlarının müdafəsi üçün Azərbaycanın iqtisadi imkanları genişləndirilməli və dayanıqlı iqtisadi inkişaf təmin edilməlidir. Bu məqsədə çatmaq üçün isə dərin islahatlar kursu davam etdirilməli, bu istiqamətdə bütün maneələr və əngəllər aradan qaldırılmalıdır. Dövlət başçısının da vurğuladığı kimi - "islahatların alternativi yoxdur". 

Son bir neçə ildə Prezident "Azərbaycan dövlətinin siyasətinin əsasında vətəndaş amili dayanır" tezisinə uyğun olaraq sosial sahədə inqilabi mahiyyət daşıyan proqramlar həyata keçirir. Bu proqramların əsas mahiyyəti ölkə vətəndaşlarının sosial rifah səviyyəsinin yüksəldilməsidir. Lakin həyata keçirilən sosial islahatların uğurlu nəticələr verməsi və davamlı olması üçün ilk növbədə dayanıqlı iqtisadi inkişaf təmin edilməli, müstəqil maliyyə mənbələri formalaşdırılmalıdır.

Dövlət başçısı son kadr islahatları ilə Azərbaycanın keyfiyyətcə daha böyük uğurlara imza atmasının vacibliyi mesajını verdi. Bu gün ölkəmiz iqtisadiyyatın bütün sahələrini inkişaf etdirir. Buraya həm neft-qaz, həm də qeyri-neft sektoru daxildir. Aparılan uğurlu siyasət nəticəsində ölkəmiz bir çox beynəlxalq reytinq göstəricilərində mühüm yerləri tutur. Bununla belə, əldə olunmuş nəticələr kifayət deyil. Kadr islahatlarının aparılmasının başlıca mahiyyəti ölkənin tək indi tutduğu mövqe ilə kifayətlənməmək, 21-ci əsrin tələblərinə uyğun yüksək texnologiyalara əsaslanan müasir və innovativ iqtisadi modelə sahib olmaqdır.  

İndi isə təyinatlar barədə. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün əsas kilid rolunu oynayan postlara təyinat alan şəxslər təsadüfi seçilməyib. Onlardan hər biri böyük idarəetmə məktəbi keçib və əvvəllər tutduqları postlarda əldə etdikləri nəticələrlə peşəkarlıq səviyyələrini ortaya qoyublar. Təbii ki, Prezident yuxarıda qeyd etdiyimiz kimi, "hər bir məmura işinin səmərəliliyinə görə qiymət veriləcək" tezisindən çıxış edərək bu təyinatlara imza atıb.  Artıq vurğuladığımız kimi, məqsəd qeyri-neft sektorunun inkişafı, amliyyə sabitliyi və axınının təmini ilə bağlı qarşıya qoyulan vəzifələrə ən yüksək səviyyədə nail olmaqdır.  

İnsanların ən çox sual etdiyi məqam isə vergilər nazirliyinin ləğv edilərək iqtisadiyyat nazirliyinin tərkibinə birləşdirilməsidir.  

Əslində bu təyinatla bağlı deyə bilirik ki, ölkənin iqtisadi imkanları ilə bağlı ən dolğun informasiya məhz bu strukturda mövcuddur. Çünki ölkənin vergi yükünün əsas daşıyıcıları məhz iqtisadiyyatın real sektorunun iştirakçılarıdır. Bu iştirakçılar haqqında vergilərə cavabdeh qurumun struktur bölmələrinə gündəlik olaraq informasiyalar daxil olur və müxtəlif hesablamalar aparılır. Bu baxımdan, ölkənin iqtisdi mənzərəsi barədə yeni təyin olunan iqtisadiyyat nazirinin dolğun təsəvvürə malik olduğunu əminliklə söyləmək mümkündür. Hansı sahələrdə çatışmazlıqların olduğunu müəyyənləşdirmək üçün vaxt itkisinə də yol verilməyəcək. 

Radikal dəyişikliklərin indiki dövrdə reallaşdırılması da təsadüf deyil. Azərbaycan onunla təxminən eyni dövrdə müstəqillik əldə etmiş keçmiş postsovet ölkələrinin əksəriyyətindən fərqli olaraq beynəlxalq səviyyədə mövqelərini gücləndirə bilib və müstəqil siyasət yürüdən suveren dövlət statusu əldə edib. Məhz bunun nəticəsində Azərbaycan ayaqları üstündə sərbəst dayanmağı bacarır. Təbii ki, əldə olunmuş uğurların əsasında Azərbaycan Prezidentinin şəxsi keyfiyyətləri, idarəetmə bacarığı və proseslərə uzaqgörənliklə yanaşma qabiliyyəti dayanır. Bununla belə, dövlətin bütün sahələrdə uğurlu inkişafı tək siyasi liderdən asılı deyil. Müasir çağırış və təhdidlərə operativ reaksiya verərək qarşıya çıxan maneələrin qısa zaman kəsiyinə xalqın və dövlətin milli maraqlarına uyğun həllinə nail olan idarəetmə mexanizminin formalaşdırılması da vacibdir.

Bu gün dünyada çox ciddi siyasi və iqtisadi dəyişikliklər baş verir. İşsizlik problemi, nanotexnologiyaların iqtisadi həyatımıza sürətlə daxil olması mövcud iqtisadi və idarəetmə modelinin təkmilləşdirilməsini tələb edir.  Məlum səbəbdən Azərbaycanın əsasən neft-qaz sektorundan gələn gəlirlər hesabına qurduğu iqtisadi modelin yeni innovativ və çoxşaxəli maliyyə mənbələri yarada biləcək sisteminə keçidi üçün ciddi zərurət yaranıb.  Dünyada neftin qiyməti artıq sabit deyil. Bu səbəbdən tək neft satışından əldə ediləcək gəlirlərə arxalanmaq yalnış yanaşmadır. İqtisadi cəhətdən inkişaf etmiş cəmiyyətlərin əsas dayağı müasir dövrdə qeyri-neft sektoru sahəsində məhsulların istehsalına və xidmətlərin keyfiyyətinə, ölkədə rəqabət mühitinin yüksək olmasına əsaslanır. 

Bir anlıq təsəvvür edək. Neft ixrac kəmərlərinin fəaliyyəti dayandı və Azərbaycan neft-qaz satışından əldə edilən gəlirlərdən məhrum oldu. Bu zaman iqtisadi sahədə hansı proseslərin yaşanacağını təsəvvür etmək belə çətin deyil. Prezidentin də aparılan kadr və idarəetmə strukturu ilə bağlı islahatlarla əlaqədar prioritet elan etdiyi qeyri-neft sektorunun inkişafı Azərbaycana bu cür gözlənilməz proseslərdən rahat və itkisiz çıxmaq üçün əlavə maliyyə təhlükəsizliyi yastığı yaratmış olacaq.

Beləliklə, ölkə başçısının kadr islahatları milli iqtisadiyyatın gücləndirilməsi və beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Bu dəyişiklərin başlıca məqsədi ölkə əhalisinin həyat səviyyəsinin yüksəldilməsidir.